Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması müddəti daha bir il uzadılacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Qeyd edib ki, artıq "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir: "Əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Buna görə də Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması 2020-ci il mart ayının 4-nə qədər uzadılır".
Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla növbəti bir il müddətində də tam sığortalanır və kompensasiya olunur. Sığortalanmış əmanət qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond tərəfindən kompensasiya edilir. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək. Əmanətlərin tam sığortalanması və Prezident İlham Əliyev tərəfindən aparılan digər uğurlu iqtisadi islahatların hesabına banklarda fiziki şəxslərin depozitləri təkcə 2018-ci ildə 7 milyard 542,5 milyon manatdan 8 milyard 269,7 milyon manata çatıb, başqa sözlə, 9,6 faizdən çox artıb. Əmanətlərdə artım həm tələbli, həm də müddətli depozitlər üzrədir. Belə ki, müddətli depozitlər 5,6 faiz (291 milyon manat), tələbli depozitlər isə 18,5 faiz (436 milyon manat) artıb. Bundan əlavə, əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada (¾-ü milli valyutada) artımını şərtləndirib. Belə ki, milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə 2,1 dəfə artıb, xarici valyutada olan əmanətlər isə 65 faiz azalıb. Nəticədə 2015-ci ilin sonu ilə müqayisədə dollarlaşma 22 faiz bəndi azalıb.
Hazırda Azərbaycanda dövlətin sığortaladığı əmanət həcmi 3 dəfəyədək
artıb ki, bu da əmanətlərin tam sığortalanması mexanizminin
nə qədər səmərəli olduğunun bariz nümunəsidir
Bütövlükdə, əmanətlərin tam sığortalanması mexanizmi 7.515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək cəmi əmanətlərin 24,3 faizini (2,3 milyard manat) kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə əmanət portfelinin 77 faizi (6,4 milyard manat) kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24 faizini (1,5 milyard manat) 30 min manata qədər əmanətlər təşkil edir. Göründüyü kimi, dövlətin sığortaladığı əmanət həcmi 3 dəfəyədək artıb. Bu isə əmanətlərin tam sığortalanması mexanizminin nə qədər səmərəli olduğunu bir daha göstərir. Əhalinin banklara artan etimadı şəraitində əmanət həcminin böyüməsi nağd dövriyyənin azalması, nağdsız dövriyyənin isə artmasına zəmin yaradır. Maliyyə vəsaitinin bank dövriyyəsinə cəlb edilməsi ilə iqtisadiyyatın səmərəlilik, hesabatlılıq və şəffaflıq imkanları genişlənir.
Prezident İlham Əliyevin qərarı milyonlarla bank əmanətçisinin marağını ifadə etməklə yanaşı, həm də potensial əmanətlər üçün təşviq mexanizmidir. Əmanətlərin tam sığortalanması gələcəkdə xüsusilə manatla əmanətlərin həcminin artmasına zəmin yaradacaq. Azərbaycan manatının regionda ən sabit valyuta olması və ölkəmizdə inflyasiyanın aşağı həddi şəraitində əhali üçün banklarda əmanət yerləşdirmək daha əlverişlidir. Dövlət başçısı tərəfindən əmanətlərin tam sığortalanması əhalinin banklara etimadını daha da gücləndirəcək. Bu, ilk növbədə, əhalinin maraqlarının təmin olunmasına və insan amilinə xidmət edir. Prezident İlham Əliyevin qərarı həm də bankların maraqlarına uyğundur. Çünki dövlətin dəstəyi ilə əmanət cəlb etməklə banklar likvidliklə təmin olunur. Yaranmış makroiqtisadi sabitlik şəraitində üstəlik əmanət cəlbinin də təmin edilməsi banklar üçün bir üstünlükdür. Qlobal və regional səviyyələrdə iqtisadiyyatda baş verən proseslər fonunda Azərbaycanda əmanətlərin tam sığortalanması ölkəmizdə maliyyə sabitliyi və bank sisteminin dayanıqlığı üçün əlavə bir imkandır.
Azərbaycanda əmanətlərin tam sığortalanması dünyada rast gəlinən nadir hallardandır. Məsələn, qonşu ölkələrdən Gürcüstanda 5.000 lari (3.200 manat), Rusiyada 1.4 milyon rubl (36.000 manat), Türkiyədə 100.000 lirə (32.000 manat) və Qazaxıstanda 15 milyon təngə (66.000 manat) məbləğinədək əmanətlər sığortalanır. Bu limiti keçdikdə isə yalnız limit qədər olan əmanət məbləği sığortalanır. Bundan başqa, ABŞ-da 250.000 dollar (425.000 manat), Kanadada 100.000 dollar (170.000 manat), əksər Avropa İttifaqı ölkələrində 50.000 avro (100.000 manat), Malayziyada 250.000 rinqit (104.000 manat) və Estoniyada isə 100.000 avro (200.000 manat) həcmində olan əmanətlər sığortalanır. Müqayisə göstərir ki, Azərbaycan dövləti əmanətlərin tam sığortalanmasını həyata keçirməklə bu sahədə əhalinin maraqlarını ən yüksək səviyyədə qoruyur.