Yaponiyada ikinci əlavə büdcə qəbul edilib

2020.06.16 13:54 (UTC+04:00)

Yaponiya parlamenti koronavirus pandemiyasının iqtisadi təsirini yüngülləşdirmək məqsədilə cari maliyyə ilində ikinci əlavə dövlət büdcəsi barədə layihəni qəbul edib.

Parlamentin yuxarı palatasında qəbul edilmiş yeni paket 31,9 trilyon yen (təqribən 300 milyard dollar) vəsaiti əhatə edir. Bu paket zərərçəkmiş müəssisələrin icarə xərclərinin ödənilməsinə köməyi və pandemiya nəticəsində gəlirləri azalmış əməkdaşlara subsidiyaların məbləğinin artırılmasını nəzərdə tutur.

Yuxarı palatanın büdcə komitəsində keçirilən müzakirələr zamanı Baş nazir Şinzo Abe deyib: "Hökumət hazırda turizm sahəsinin stimullaşdırılması planı üzərində çalışır. Ümid edirik ki, ikinci büdcədə yerli subsidiyalar üçün nəzərdə tutulan yardımlar regional iqtisadiyyatın bərpasına kömək göstərəcək".

Ş.Abe hökumətin mədəniyyət və incəsənət sahələrinə də yardım ayrılması imkanlarını araşdırdığını bildirib.