İstehlakçılara xidmət edən fiziki və hüquqi şəxslər vergi ödəyicilərinə xidmət göstərəcəyi halda, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir.
Qanunvericiliyə əsasən, vergi orqanlarında qeydiyyatda olmayan şəxslərlə yanaşı, hüquqi şəxslərə də xidmət göstərən şəxsin sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, həmin şəxs gəlir (mənfəət) vergisinin ödəyicisi hesab edilir. Vergi Məcəlləsində iki fəaliyyət üzrə uçotun ayrılıqda aparılması təcrübəsi mövcuddur. Bəs vergi ödəyiciləri niyə əhaliyə və vergi ödəyicisinə xidmət göstərdiyi hallarda müvafiq olaraq sadələşdirilmiş və gəlir (mənfəət) vergi sistemini tətbiq etmək hüququna malik deyillər?
İqtisadçı Anar Bayramov bildirib ki, iki fəaliyyət üzrə uçotun mümkün olması dedikdə, Vergi Məcəlləsinin 221.7-ci maddəsi nəzərdə tutulur: "Həmin maddəyə görə, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergi tətbiq etmək hüququna malikdirlər".
Vergi Məcəlləsinin "Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir" adlı 99-cu maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslərin fəaliyyəti qeyri-sahibkarlıq fəaliyyətinə aid edildiyindən, qanun icazə verir ki, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlərin uçotu ayrıca aparılsın. A.Bayramov hesab edir ki, xidmət sferasında çalışan vergi ödəyicisinin həm əhaliyə, həm də vergi ödəyicisinə göstərdiyi xidmətlər hər iki halda sahibkarlıq fəaliyyətinə aid olunduğu üçün iki fərqli uçotun aparılmasına icazə verilməsi məqsədəuyğun hesab edilmir. Digər fərq isə ondan ibarətdir ki, burada iki müxtəlif fəaliyyət növündən deyil, eyni fəaliyyətin müxtəlif qruplara - əhaliyə və vergi ödəyicilərinə göstərilməsindən gedir. Bunlar isə fərqli anlayışlardır.
Fəxriyyə İKRAMQIZI