Avstriyada iqtisadiyyatın bir sıra sahəsində ƏDV aşağı salınacaq

2020.06.12 18:08 (UTC+04:00)

Avstriya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar bir sıra sahələrdə əlavə dəyər vergisini (ƏDV) məhdud müddətə aşağı salmağa hazırlaşır.

Federal Maliyyə naziri Qernot Blümel iyunun 12-də keçirilən mətbuat konfransında bu barədə məlumat verib. O bildirib ki, turizm, qastronomiya, mədəniyyət və media sahələrində fəaliyyət göstərən sahibkarlıq strukturları üçün ƏDV 20 faizdən 5 faizə endiriləcək.

Nazir qeyd edib ki, bu istisna hal 2020-ci ilin sonunadək qüvvədə olacaq. Vergi yüngülləşdirilməsi otellər, kafe və restoranlarla yanaşı, incəsənət və mədəniyyət sektorundakı bütün müəssisələrə və incəsənət tədbirlərinə (kino və teatrlar, muzeylər, konsert evləri, festival və yarmarkalar) şamil olunacaq. Eyni zamanda, pandemiya dövründə satışı aşağı düşən dövri mətbuat da bu imkandan yararlanacaq.

Q.Blümel, həmçinin qeyd edib ki, Avropa Komissiyası Avstriya hökumətinin bu qərarına rəy verməlidir və hazırda aparılan danışıqlar yekun nəticənin müsbət olacağına ümid yaradır.