Qanunvericiliyin tələbini şərh edən "Unipirice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə bunun əmlak bazarı üçün çox vacib olduğunu deyir: "İcarə ilə bağlı vergi yükünün azaldılması xüsusilə kommersiya obyektlərinin icarə qiymətlərin aşağı düşməsinə, eləcə də sahibkarların xərclərinin azalmasına səbəb olacaq. Bu, sahibkarlara həmin xərcləri başqa istiqamətlərə yönəltməyə, sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə imkan verir.
Pandemiya ilə bağlı olaraq bir sıra iş yerləri, müəssisələr tam fəaliyyətsiz qalıb ki, bu da ümumi işgüzar mühitə və dövriyyəyə mənfi təsir edir. Dövriyyədə olan pul kütləsinin azalması zəncirvari formada digər sahələrə də təsir göstərir.
Ödəmə mənbəyində tutulan verginin məbləğinin azaldılması icarədən əldə edilən gəlirlərin şəffaflaşmasına, əmlak sahibləri ilə icarəçilər arasında rəsmiləşmələrin artmasına kömək edə bilər. İcarəyə görə verginin yüksək olması, bir çox hallarda vergidən yayınmalara səbəb olur. Bu, daha çox mənzillərin, fərdi evlərin kirayəsində özünü göstərir. Vergi verməmək üçün kirayəçi ilə mənzil sahibi şifahi razılıq əsasında ödənişləri həyata keçirir, münasibətləri rəsmiləşdirmirlər. Bu isə mənzil sahiblərinin ziyanınadır. Hər hansı problem baş verəndə, məsələn, kirayə haqqı ödənilməyəndə əmlak sahibi ziyan çəkir, rəsmi müqavilə olmadığına görə məhkəməyə müraciət edə bilmir. Düşünürəm ki, vergi yükü az olduqda kirayə və icarə müqavilələrini bağlayanların sayı artacaq və bu da vergi daxilolamalarının artmasına müsbət təsir edəcək.
Fərqanə ALLAHVERDİQIZI