Azərbaycanla Ukraynanın iqtisadi əlaqələrinə dair onlayn konfrans keçirilib

2020.06.12 12:29 (UTC+04:00)

Ukrayna Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Azərbaycan və Ukraynanın hər iki ölkədəki səfirlərinin təşəbbüsü ilə “Ukrayna-Azərbaycan: Qlobal çağırışlar zamanı iqtisadi əməkdaşlıq” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Ukrayna Ticarət və Sənaye Palatasının sədri Gennadi Çijikov pandemiya dövründə Azərbaycan və Ukrayna arasında iqtisadi, ticarət əlaqələrində yüksək tempi saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib. Koronavirusun yayılmasının qarşısının alınmasına dəstək üçün Azərbaycanın Ukraynaya göndərdiyi yardıma görə təşəkkürünü bildirən G.Çijikov bunun iki ölkə arasında dost, qardaş münasibətlərin olmasının təzahürü kimi qiymətləndirib.

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenskinin ötən ilin dekabrında görüşündən sonra iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında yeni imkanların açıldığını deyən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskyi bildirib ki, investisiya yatırımlarının artırılması üçün birgə səylər artırılmalıdır.

Ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova isə ulu öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin memarı və qurucusu olduğunu bildirib. Səfir qeyd edib ki, pandemiya dövründə də Azərbaycan və Ukrayna arasında iqtisadi və ticarət əlaqələri uğurla davam etdirilir. Lakin iki ölkə arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial böyükdür. Nəqliyyat daşımalarında qiymət siyasətinə yenidən baxılmasının vacibliyini vurğulayan E.Axundova deyib ki, Ticarət Evlərinin daha effektli fəaliyyəti üçün dövlət dəstəyi artırılmalıdır. Bunun üçün hüquqi baza mövcuddur. Səfir Ukrayna şirkətlərinin Azərbaycana investisiya yatırması üçün ölkəmizdə əlverişli, təhlükəsiz mühitin olduğunu da söyləyib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev isə səfir E.Axundovanın aktual məsələyə toxunduğunu qeyd edərək bildirib ki, Ukraynada fəaliyyət göstərən Azərbaycan Ticarət Evinə lazımi dəstəyin verilməsi üçün güclərini səfərbər edəcəklər. Azərbaycan şirkətlərinin öz milli məhsullarının Ukrayna bazarlarında daha geniş yer tapmasına dəstək verəcəklər.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov sahibkarlar arasında birbaşa və sıx əlaqələrin qurulması üçün Azərbaycan-Ukrayna Biznes Şurasının yaradılmasının vacibliyini söyləyib. O, biznes assosiasiyalar arasında aktiv əlaqələrin qurulmasına, dövlət-özəl sektor tərəfdaşlığı sahəsində Azərbaycan və Ukrayna təcrübəsinin öyrənilməsinə, birgə müsissələrin yaradılmasının önəmliyini qeyd edib.

Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, Azərbaycan pandemiya dövründə nəqliyyat dəhlizindən səmərəli və təhlükəsiz istifadə üçün üzərinə düşən bütün öhdəlikləri həyata keçirib. Ona görə də bu ilin 5 ayında yük daşımaları ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Onun sözlərinə görə, Ukraynadan gələn yüklərin deklarasiya məsələsində bəzən problemlər olur. Bu da yüklərin daşınmasında əngəllər yaradır.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Azər Əliyev çıxışında regional logistik platformanın yaradılması konsepsiyası, GUAM Nəqliyyat Dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan və Ukrayna yük daşımalarında qiymət siyasətinə dair ortaq məxrəcə gəlmək üçün müvafiq işlər görülür.

Tədbirdə daha sonra çıxış edən GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Nəqliyyat İnfrastrukturunun nümayəndəsi Natalya Forsyuk, Ukrayna Gömrük Xidmətinin rəis müavini Vladislav Suvorov, Ukrayna Xarici İşlər Nazirliyinin departament direktoru Vladimir Xomanets, Azərbaycan Ticarət Evinin rəhbəri Daşqın Əhmədov, Ukrayna Ticarət Evinin rəhbəri Əlibala Məhərrəmzadə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı üçün birgə səylərin artırılmasını vurğulayıblar.

Qeyd edək ki, onlayn konfransdan öncə Azərbaycanın Ukraynadakı səfiri E.Axundova ilə Ukrayna Ticarət və Sənaye Palatasının sədri Gennadi Çijikov arasında ikitərəfli görüş keçirilib.