Vergi güzəştlərindən faydalanmaq üçün ilkin şərt intizamdır

2020.06.16 10:03 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 8 may 2020-ci il tarixli fərmanı ilə qəbul edilmiş "Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanunla xüsusi vergi rejimi xüsusi və müvəqqəti vergi rejimləri ilə əvəz edilərək, mövcud Vergi Məcəlləsinə əlavələrin edilməsi nəzərdə tutulur. Bu əlavələr Vergi Məcəlləsinin tamlığına xələl gəlməməsi və vergi ödəyicilərində çaşqınlıq yaratmaması məqsədilə ayrıca 18-ci fəsildə verilib.

Vergi Məcəlləsində edilmiş düzəlişlərdə pandemiyadan zərər çəkən sahələrə geniş güzəştlərin tətbiq edilməsi ilə yanaşı, vergi inzibatçılığı, o cümlədən vergilərin intizamla ödənilməsi sahəsində də bir sıra məsələlərin öndə tutulduğunu görürük. Məcəlləyə dəyişikliklərdə, xüsusilə müvəqqəti vergi rejimi ilə bağlı 222.3 maddədə göstərilib ki, bu fəslin müddəaları əmtəəsiz və ya riskli əməliyyatlar aparan vergi ödəyicilərinə əmtəəsiz və ya riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla şamil edilmir.

Vergi Məcəlləsində nəzərdə tutulan müvəqqəti azadolmalar, güzəştlər və vergi tətilləri üzrə müddəalar vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarından sonra tətbiq olunur. Məcəllənin 222.3-cü maddəsində göstərilir ki, güzəştlər İqtisadiyyat Nazirliyi tərəfindən həmin şirkətlərin riskli vergi ödəyicisi olmadığı təsdiq olunduğu halda tətbiq oluna bilər.

Bu fəslin müddəaları 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir və aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:

Əmtəəsiz əməliyyat nədir?

Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan və başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə edilməsi məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Əgər tikinti şirkəti bina tikməlidirsə, lazım olan tikinti materiallarının alışı üçün hər hansı bir şirkətlə rəsmi müqavilə bağlanılır, ödənişlər həyata keçirilir, amma həmin pullar rəsmiləşdirildikdən sonra nağdlaşdırılır, onun əsasında daha ucuz qiymətə tikinti materialları alınır və tikinti işləri görülür. Burada məqsəd mənfəət əldə etmək və mənfəəti daha da genişləndirməkdir. Məsələn, tikinti xərclərinə, mal-materialın alınmasına smetada 1 milyon manat nəzərdə tutulmuşdursa, bu yolla həmin materiallar 600 min manata alınır, 400 min manat isə vergidən gizlədilir.

Xidmət sahəsində də bu cür vəziyyətə rast gəlmək mümkündür. Məsələn, sənədlərdə tərcümə xidməti baha qiymətə hər hansı bir şirkətə verilərək rəsmiləşdirilir, reallıqda isə irihəcmli tərcümə xidməti həmin şirkət tərəfindən deyil, daha ucuz qiymətə başqa şəxslər tərəfindən icra olunur. Yəni məhsulun, konkret müqavilənin, əməliyyatın arxasında məhsul və xidmət yoxdursa, həmin əməliyyat əmtəəsiz əməliyyat hesab olunur.

Məcəllənin 13.2.82-ci maddəsində göstərilir ki, riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir.

Bu baxımdan, riskli vergi ödəyiciləri özlərinin hansı qrupa aid olduqlarını bilmədən təqdim etdikləri bəyannamələr vergi orqanları tərəfindən araşdırılır. Onların əmtəəsiz və riskli vergi ödəyicisi olduqları aşkarlandığı təqdirdə Vergi Məcəlləsinin digər maddələri əsas götürülməklə vergi yükü yenidən hesablanır və ödənilməsi tələb olunur. Buna görə də riskli və əmtəəsiz vergi ödəyiciləri öz əməliyyatlarını şəffaflaşdırmalı və Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicisi siyahısından çıxarılmaları barədə müvafiq qərarın qəbul olunması üçün müraciət etməli, öz fəaliyyətlərini rislkli və əmtəəsiz vergi ödəyiciləri siyahısından çıxarmaları ilə bağlı hərəkətlərini sübut edən faktları müraciətlərinə əlavə etməlidirlər. Bunun nəticəsində siyahıdan çıxarıldıqları halda, Məcəllədə göstərilən güzəştlər və azadolmalar onlara da şamil olunacaqdır.
Bütün bunlar onu göstərir ki, Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlər vergi ödəyiciləri qarşısında intizamlı vergi ödəyicisi olmaq vəzifəsini qoyur. Bu yenilik sahibkarların diqqətinə bir daha çatdırır ki, vergi intizamının, vergi şəffaflığının artırılması və "kölgə iqtisadiyyatı"nın həcminin azaldılması dövlət siyasətində pandemiya dövründə də prioritet olaraq qalır.

Fəxriyyə İKRAMQIZI