İyunun sonunda TANAP-la Türkiyəyə göndərilən Azərbaycan təbii qazının həcmi 6 milyard kubmetrə çatacaq.
Bu barədə TANAP şirkətinin baş direktoru Saltuk Düzyol deyib.
O bildirib ki, 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanılıb və birinci il 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitəcək və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatacaq. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqəsdilə 21,4 milyon kubmetr qaz vurulub.
Qeyd edək ki, yanvar-aprel aylarında TANAP boru kəməri ilə Türkiyəyə 1,3 milyard kubmetr təbii qaz nəql edilib. İstismara veriləndən bu il mayın 1-dək isə TANAP-la Türkiyəyə 5,1 milyard kubmetrdən çox qaz nəql edilib.
2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.