İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan iqtisadiyyatı, onun maliyyə sektoru da bu fonda ciddi çətinliklərlə müşahidə olunan bir dönəm yaşayır: "Bütün çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatının, xüsusilə də onun real sektorunun fəaliyyəti postpandemiya dövrünə qədər qorunub saxlanılmalıdır. Bu səbəbdən də dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da hökumət iqtisadiyyatın və onun özəyini təşkil edən özəl sektorun yaranmış şəraitdəki minimal fəaliyyətini təmin etməyə çalışır. Bağlanan, sıradan çıxan hər hansı müəssisənin sonradan normal fəaliyyətini bərpa etmək olduqca çətindir. Elə bu səbəbdən də hökumət yaranmış vəziyyətdə biznesin maksimum qorunmasını təmin edə biləcək addımlar atır.
Dövlət tərəfindən görülən təsirli tədbirlər sırasında Vergi Məcəlləsində edilmiş dəyişikliklər xüsusi qeyd olunmalıdır. Ayrı-ayrı vergi növləri üzrə vergi yükünün azaldılması istiqamətində müəyyən olunmuş güzəştlər, vergi tətilləri və digər yumşalmalar sahibkara real dəstəkdir və postpandemiya dövründə sahibkarların fəaliyyətinin daha tez bərpa olunmasına xidmət edir".
Fəxriyyə İKRAMQIZI