Vergi islahatlarının sahibkarlığın inkişafına təsiri mövzusunda seminar keçiriləcək

2019.02.07 15:21 (UTC+04:00)

Fevralın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "PwC Azərbaycan" ilə birgə "Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri" mövzusunda seminar təşkil olunacaq. Maarifləndirici xarakter daşıyan tədbirdə ixracatçılara Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə sahibkarlıq subyektləri qarşısında qoyulmuş öhdəliklərin mahiyyəti izah ediləcək.

"PwC Azərbaycan" şirkətinin mütəxəssisləri tərəfindən aparılacaq seminar vergi sistemi haqqında ümumi məlumat, Vergi Məcəlləsinə edilmiş əsas dəyişikliklərin mahiyyəti və praktiki tətbiqi, sahibkarlıq subyektlərinin vergi və mühasibat uçotu siyasətinə qoyulan tələblər, sahibkarlıq fəaliyyətinin, o cümlədən yoxlamaların hüquqi tənzimlənməsi kimi mövzuları əhatə edəcək. Seminar şirkət rəhbərləri, mühasiblər, maliyyə, vergi mütəxəssisləri və hüquqşünaslar üçün nəzərdə tutulub.