Vergi ödəyicilərinin cari ödəmələri ilə bağlı ciddi güzəştlər edilib

2020.06.10 12:17 (UTC+04:00)

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev dəyişiklikləri şərh edərkən bildirib ki, dəyişikliklər konkret sahələri əhatə edir. Bu sahələrə turizm müəssisələri, turoperatorlar, turagentlər, hazırlıq və ixtisasartırma kursları, ictimai iaşə xidməti göstərən müəssisələr, avtomobil nəqliyyatı vasitəsilə ölkə daxilində sərnişin və yükdaşıma xidməti göstərən müəssisələr, mehmanxanalar və bu tipli digər obyektlər, istirahət-əyləncə mərkəzləri daxildir.

Məcəllədə sadələşdirilmiş vergi ilə bağlı mühüm dəyişiklik edilib. Bu, ictimai iaşə sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin zərərlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. İctimai iaşə sektorunda çalışan sahibkarlar bu il sadələşdirilmiş vergini 8 faiz əvəzinə 4 faiz dərəcəsi ilə ödəyəcəklər. Digər sadələşdirilmiş vergi ödəyiciləri isə ümumi dövriyyədən 1 faiz məbləğində vergi ödəyəcəklər.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə sərnişin daşınması xidməti göstərən vergi ödəyicilərinin öhdəlikləri də nəzərə alınıb. Bu sektorda vergi məbləğləri 50 faiz azaldılıb. Məsələn, taksi xidməti göstərən şəxslər Bakı şəhərində 2020-ci il ərzində aylıq 9 manat vergi ödəyəcəklər və digər bölgələrdə də bu məbləğ əmsallara müvafiq olaraq azaldılacaq.

Sərnişindaşıma xidməti göstərən müəssisələr üçün isə hər bir oturacaq üçün 1 manat 80 qəpik əvəzinə 90 qəpik sadələşdirilmiş vergi müəyyənləşdirilib.

Fərqanə ALLAHVERDİQIZI