Əmlak bazarı üzrə ekspert Cavid Məmmədkərimov qeyd edib ki, pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan karantin qaydalarına əsasən, Bakı sakinləri şəhəri tərk edə bilmirlər. Bu isə bağ evlərinin kirayə qiymətinin ötən illə müqayisədə 40-50 faiz artmasına səbəb olub: "Həftəsonu tətbiq olunan sərt karantin rejimi bağ evlərinə tələbi birə-beş artırıb. Lakin kirayə üçün təklif olunan bağ evləri o qədər də çox deyil. Əvvəlki illərdə bağ sahibləri mənzillərini kirayə verərək özləri istirahət üçün ya xarici ölkələrə, ya da rayonlara üz tuturdu. Amma bu il sərhədlər bağlı olduğundan və Bakıya giriş-çıxış məhdudlaşdırıldığından mənzil sahibləri öz ailələri ilə bağ evində qalmağı üstün tuturlar. Nəticədə kirayə bazarında təklif qıtlığı müşahidə olunur. Tələbat isə böyükdür. Müştərilər ən çox Bilgəh, Mərdəkan, Şüvəlan, Buzovna, Novxanıdakı bağ evlərinə üstünlük verirlər. Elə ən bahalı bağ evləri də bu ərazilərdə kirayə verilir. Burada 3 aylıq mövsümi qiymətlər 1500-2000 manatdan başlayaraq 20 minə qədər artır.
Qiymətə təsir edən əsas amillərdən biri də bağın dənizə yaxınlığıdır.
Səbuhi TURAN