Azərbaycan mayda gündəlik 557,2 min barel xam neft hasil edib

2020.06.09 14:59 (UTC+04:00)

Cari ilin may ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650 min barel olub. Bunun 557,2 min barrelini xam neft, 92,8 min barelini isə kondensat təşkil edib. 557,2 min barel xam neftin 437,6 min bareli “Azəri-Çıraq-Günəşli” (AÇG), 119,6 min bareli isə SOCAR (Azneft” İB, birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) üzrə hasil olunub.

Energetika Nazirliyindən bildirilib ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan mayda sutkada xam neft hasilatını 160,8 min barel azaldıb. Beləliklə Azərbaycan 164 min barel həcmində olan öhdəliyini mayda 98 faizdən çox yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılmalıdır.

Qeyd edək ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.