ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik

2020.06.08 15:19 (UTC+04:00)

"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi" ilə bağlı fərmana uyğun olaraq banklar ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edəcəklər. Bunun əsas səbəbi 1 yanvar 2020-c il tarixində Vergi Məcəlləsinin 166-cı maddəsinin dəyişdirilməsi və ƏDV-nin tanınmasının kassa metoduna uyğun aparılmasıdır. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergi ödəyicisinin ƏDV öhdəliyi nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayıldığından vergi orqanı bank hesablamaları üzrə daxil olan vəsaitləri izləməlidir.

Bu səbəbdən banklar yalnız ƏDV ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə bütün məlumatları hər ay vergi orqanına təqdim etməlidir. Vergi orqanı banklar tərəfindən təqdim edilən məlumatları vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin göstəriciləri ilə müqayisə edəcək. Bu zaman hər hansı fərqlilik ortaya çıxarsa, vergi ödəyicisinə kameral yoxlama əsasında bildiriş göndəriləcək.

Belə bir addımın atılması "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılmasına, şəffaflığın və bərabərliyin təmin edilməsinə, vergidən yayınmanın qarşısının alınmasına, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə və vergilərin tam həcmdə büdcəyə səfərbər olunmasına təsir edəcək.

Fərqanə ALLAHVERDİQIZI