Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu dövr ərzində onlayn bank xidmətlərində də fəallaşma müşahidə olunu: "Plastik kart əldə etmək istəyənlərin sayında artımla yanaşı, bank kartları, POS-terminallar vasitəsilə ödənişlərin də artdığını görürük. Görünür, burada kağız pullarla ödənişin virusun yayılmasında müəyyən risklər yaratması da özünü göstərib. Bununla belə, evdən, ofisdən bayıra çıxmadan elektron xidmətlərdən faydalanmaq bu sahəyə tələbata ciddi təsir göstərib.
Bu aktivlik bank sektorunda da müşahidə edilir. Mobil bankçılıq xidmətlərindən istifadə edənlərin sayında artım qeydə alınıb. Müxtəlif banklar bank xidmətlərinin onlayn qaydada göstərilməsi ilə bağlı mobil tətbiqlərini inkişaf etdirirlər. Bu tətbiqlər insanlar üçün böyük üstünlüklər yaradır, ödənişi dərhal həyata keçirməklə insanların zamanına qənaət edir. Burada hökumət üçün vacib məqam budur ki, rəqəmsal ödənişlər şəffaflığı təmin edir.
Koronavirusla bağlı mövcud vəziyyət əhalini rəqəmsal ödənişlərdən istifadə üçün xeyli stimullaşdırıb, rəqəmsal xidmətlərə tələbatı artırıb. Ona görə də istər banklar, istər dövlət qurumları bu sahənin inkişaf etdirilməsinə ciddi önəm verməlidir. Mobil bank xidmətlərinin sayı və keyfiyyəti artırılmalı, bununla yanaşı, dayanıqlılıq, etibarlılıq üçün təhlükəsizlik məsələləri də diqqətdə saxlanılmalıdır".
Səbuhi TURAN