Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov son həftələrdə neftin qiymətində müşahidə edilən yüksəliş dinamikasını şərh edib. Onun sözlərinə görə, bu dinamikanın əsas səbəbi "OPEC+" formatında yeni razılaşmanın əldə olunmasıdır: "Çünki bu razılaşmaya görə kifayət qədər böyük həcmdə neft hasilatının azaldılması nəzərdə tutulur. Düşünürəm ki, razılaşmanın uzadılması neft qiymətlərinin müəyyən dövr ərzində təqribən 40 dollar ətrafında formalaşması üçün şərait yaradacaq.
Qiymətlərin artıma doğru korreksiyasına təkan verən digər amil pandemiyadan əziyyət çəkən işgüzar fəallığın bir qədər bərpa olunmasıdır. Artıq həm avia, həm də digər nəqliyyat vasitəsiləri ilə daşımalarda fəallaşma müəyyən mənada neftə tələbatın bərpasına şərait yaradır. Çin iqtisadiyyatının postpandemiya dövrünə daxil olması da neft qiymətlərinə müsbət təsir göstərib.
Bütün bunlara baxmayaraq, dünya iqtisadiyyatındakı böhran onu deməyə əsas verir ki, neftin qiymətində kəskin artım gözləmək mümkün deyil. Unutmaq olmaz ki, hazırda neft tələbin artması yox, hasilatın azaldılması hesabına bahalaşır. Yəni neft hasilatçıları yenə də ciddi iqtisadi dividentlər əldə edə bilmirlər".
Elşad Məmmədov qeyd edib ki, neftin qiymətinin 40 dollar həddini aşması Azərbaycan iqtisadiyyatı üçün müsbət haldır: "Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin cüzi də olsa, bərpa olunması ölkə iqtisadiyyatının dayanıqlılığı baxımından olduqca önəmlidir.
Azərbaycan Prezidenti ölkəmizin postneft dövrünə qədəm qoyduğunu dəfələrlə vurğulayıb. Milli iqtisadiyyatın şaxələndirilməsi, yüksək texnoloji sahələrə investisiyaların qoyulması çox vacibdir. Bir məqama da xüsusilə toxunmaq istəyirəm ki, neftin təkrar emalı hələ də öz əhəmiyyətini qorumaqdadır. Ona görə də Azərbaycanda neft emalına və neft kimyasına yatırılan sərmayələr milli iqtisadiyyatımızın dayanıqlığının qorunmasında müsbət amil kimi çıxış edə bilər".
Səbuhi TURAN