Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun təşəbbüsü ilə Azərbaycan və Rusiyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinin onlayn görüşü təşkil olunub.
Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu, Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev, Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev, həmçinin Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Almaniyadakı ticarət nümayəndəsi Andrey Sobolev və Macarıstandakı ticarət nümayəndəsi Pavel İlyin iştirak ediblər.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişlənməsində, təmsil etdikləri ölkələrin biznes maraqlarının qorunmasında ticarət nümayəndəliklərinin rolu, ticarət nümayəndəlikləri ilə sahibkarların ictimai birlikləri arasında əməkdaşlığın inkişafı və s. məsələlər barədə fikir mübadiləsi aparılıb, bu formatda tədbirlərin tərəfdaşlığın gücləndirilməsində önəmi vurğulanıb və onlayn müzakirələrin davam etdiriləcəyi qeyd olunub.