KOB-ların bank xidmətlərindən istifadəyə dair videoçarxlar hazırlanır

2020.06.04 15:00 (UTC+04:00)

“Sparkassenstiftung für internationale Kooperation”, Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” və “Marketinq və PR” ekspert qruplarının və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) iştirakı ilə videokonfrans keçirilib.

ABA-dan bildirilib ki, görüşdə “Sparkassenstiftung für internationale Kooperation”, Banklar Assosiasiyası, IFC və Mərkəzi Bank tərəfindən hazırlanmış “Koronavirus infeksiyasından qorunmaq üçün mən bank xidmətlərindən necə istifadə edə bilərəm?”, “Alış-veriş zamanı koronavirus infeksiyasından özümü necə qoruya bilərəm?”, “Karantin rejimində mən öz ödəniş kartımın balansını necə artıra bilərəm?” videoçarxlarının davamı olaraq hazırkı şəraitdə vətəndaşların, eyni zamanda, kiçik və orta biznes nümayəndələrinin bankların xidmətlərindən necə istifadə etmələrinə dair əlavə yeni videolar da hazırlanaraq ictimailəşdirilməsi, vətəndaşların bankların rəqəmsal xidmətlərindən istifadə etməklə banka gəlmədən öz sağlamlıqlarını qoruması ilə əlaqədar yeni videoların çəkilməsi məsələləri müzakirə edilib.

Görüşdə, həmçinin rəqəmsal ödənişlərin inkişafı ilə əlaqədar vətəndaşlar arasında sorğunun keçirilməsi müzakirə mövzusu olub.