BMT ABŞ-la Çin arasındakı ticarət müharibəsindən narahatdır

2019.02.07 11:32 (UTC+04:00)

İki ölkə arasında ticarət sazişinin bağlanması istiqamətində irəliləyiş olmasa, ABŞ martın 1-dən Çin mallarına əlavə gömrük vergisi tətbiq etməyi planlaşdırır. Birləşmiş Millətlər Təşkilatı (BMT) Ticarət Agentliyinin bu mövzu ilə əlaqədar verdiyi açıqlamada ABŞ-la Çin arasında yaranmış vəziyyətdən ən çox Asiya ölkələrinin ziyan görəcəyi bildirilib.

ABŞ və Çin 2018-ci ilin dekabr ayından gömrük vergiləri ilə bağlı anlaşılmazlığı 3 ay müddətinə təxirə salmışdı. Həmin müddət martın 1-də başa çatacaq. ABŞ Çin mallarına tətbiq olunan gömrük vergiləri ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə, Çindən idxal edilən ticarət mallarından tutulan 10 faizlik gömrük vergisini 25 faizə qaldıracağını və bunun nəticəsində 200 milyard dollar məbləğində əlavə gömrük vergisi yığılacağını bildirmişdi.

BMT-nin Ticarət Agentliyinin rəhbəri Pamela Koke Hamilton bu məsələ ilə bağlı ciddi narahatlığını ifadə edib: "ABŞ ilə Çin arasındakı gömrük çəkişmələrinin təsiri çox böyük olacaq. Bu, bütün beynəlxalq ticarət sisteminə mənfi təsir göstərəcək. Daha kiçik və daha kasıb ölkələr kənar şoklarla mübarizə etmək məcburiyyətində qalacaqlar. Çin ilə ABŞ arasındakı ticarət müharibəsi nəticəsində Şərqi Asiyadakı tədarük zəncirində yerləşən şirkətlər həmin ölkələri tərk etmək məcburiyyətində qalacaqlar".