Dünyada yeni iqtisadi sistem formalaşır

2020.06.03 14:38 (UTC+04:00)

İqtisadçı ekspert Elşad Məmmədov dünya iqtisadiyyatında hökm sürən böhranla bağlı mülahizələrini bölüşüb. Onun fikrincə, bu böhranı yalnız koronavirus pandemiyası ilə bağlamaq məsələyə səhti yanaşmanın göstəricisidir.

Əslində, dünya iqtisadiyyatı çox dərin struktur böhrana daxil olub. Bu böhran dünya iqtisadiyyatının uzun onilliklər ərzində formalaşmış strukturu və inkişaf dinamikası ilə bilavasitə bağlıdır.
Biz faktiki olaraq ənənəvi kapitalist modelinin, liberalizmin tam şəkildə süquta uğramasının şahidi oluruq. Hazırda yeni texnoloji quruluş formalaşmaqdadır. Çin və onun ətrafında yaranan yeni quruluşun prioritet istiqamətləri, iqtisadi idarəetmə modeli daha effektiv olduğu üçün real sektor oraya can atır. Artıq real sektora inzibati qaydada göstəriş verməklə onun ABŞ-a qaytarılması olduqca problemli görünür.
ABŞ-ın hegemonluğuna söykənən sistemin bünövrəsi, əslində, dollar üzərində qurulub. Faktiki olaraq bu siyasətin həyata keçirilməsi dolların zəifləməsi deməkdir. Bu isə hazırki dövrdə ABŞ-ın zəifləməsini şərtləndirir. Ona görə də proseslər olduqca ziddiyyətlidir. Obyektiv iqtisadi təhlil onu deməyə əsas verir ki, bu gün kapitalizmin sonunun şahidi oluruq.
İndi dünya sürətlə keyfiyyətcə yeni iqtisadi reallığa keçməkdədir. Kifayət qədər uzunmüddətli proses kimi formalaşmış kapitalizmin əsas təkanverici qüvvəsini bank faizləri üzərində qurulan sənayeləşmə təşkil edib. Onun uzunmüddətli mövcudluğu isə sistemin daxilindəki inkişafdan asılıdır. Bu inkişaf iki istiqamət üzrə getməli idi:
1. Bazarların genişlənməsi.
2. Əmək bölgüsünün dərinləşməsi.
XX əsrin qanlı müharibələri bu yanaşmanın obyektivliyini sübut etdi. Xüsusilə İkinci Dünya müharibəsindən sonra ABŞ bazarlarını genişləndirmək hesabına iqtisadi mübarizədə uğur qazana bildi. Ancaq bu gün görürük ki, bazarların daha da genişlənməsi, eyni zamanda tələbin stimullaşdırılması artıq mümkün deyil. Çünki aparıcı mərkəzi banklar və Federal Ehtiyatlar Sistemi faktiki olaraq iqtisadiyyatı sıfır faizlərlə, bəzi hallarda isə hətta mənfi faizlərlə maliyyələşdirir. Ona görə də qeyd etdiyimiz inkişafın iki istiqamətin heç biri mümkün deyil və bu səbəblərdən hazırda hər iki istiqamət böhrana məruz qalıb.
Yeni çağırışlar tamamilə yeni iqtisadi idarəetmə siyasətinin formalaşmasını diqtə edir. Ona görə də bu gün yanaşmanın necə olacağı, bundan sonrakı dünyanın hansı formatda bölünəcəyi ilə bağlı ciddi müzakirələrə gedir.

Fərqanə Allahverdiqızı