Fermerlərə 5 milyon manatdan çox güzəştli mikro kredit verilib

2020.06.03 12:29 (UTC+04:00)

Bu il mayın 23-dən iyunun 1-nə qədər Azərbaycanda 512 fermerə 5,2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu vəsaitin 4,5 milyon manatı hevvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

Mikrokreditlər Prezident İlham Əliyevin 8 aprel 2020-ci il tarixli, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklər edilməsi, “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” sərəncamları əsasında verilir. Sərəncamlara əsasən, AKİA-ya 30 milyon manat vəsait ayrılır və aqrar sahədə mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradılıb, portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan “PAŞA Holdinq” MMC 5 milyon manat vəsait əlavə edib.
Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manata qədər, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilə qədər müddətdə verilir.