ƏDV məqsədləri üçün işlərin və xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə tənzimlənir.
168.1.2-ci maddədən aydın olur ki, daşınar əmlakın vergi ödəyicisinin balansında olmasına baxmayaraq, ƏDV məqsədləri üçün həmin əmlakın faktiki yerləşdiyi yer əsas sayılır. Yəni daşınar əmlakla bağlı xidmətlər müxtəlif yerlərdə, müxtəlif ölkələrdə təqdim oluna bilər ki, bu zaman vergitutma da müxtəlif olur.
Bunu bir neçə müxtəlif misal üzərində nəzərdən keçirək:
Misal 1: Tutaq ki, "AA" MMC-nin balansındakı nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində xarab olmuşdur və bununla əlaqədar regionda qeydiyyatda olan "VV" MMC 1.000 manat (əsas məbləğ) + 180 manat (ƏDV) olmaqla cəmi 1180 manat təmir xidməti göstərmişdir. Bundan əlavə, analoji olaraq digər bir nəqliyyat vasitəsinin eyni formada Türkiyə Respublikasının ərazisində təmirə ehtiyac olmuşdur və ona qeyri-rezident "SS" LTD 2.000 dollarlıq təmir xidməti göstərmişdir.
Bu hallarda, ƏDV-nin necə hesablanması ilə bağlı sual meydana çıxır.
Birinci halda "AA" MMC ödədiyi 180 manat ƏDV-ni əvəzləşmə qaydalarına uyğun əvəzləşdirəcəkdir. Ona görə ki, təmir xərclərini təqdim edən yerli rezidentdir və xərclər Azərbaycan Respublikasının ərazisində təqdim edilib. Bu hal üçün 168.1.2.-ci maddənin tələblərinə görə işlərin faktiki göstərildiyi yer nəzərə alınır.
İlkin baxışdan belə görünə bilər ki, Türkiyə Respublikasının ərazisində təmir xidməti göstərmiş "SS" LTD-yə ödənilən 2.000 dollar (3.400 manat) üçün 612 manat (18% dərəcə ilə) ƏDV hesablanmalıdır. Əslində isə belə deyildir. 2.000 dollara görə heç bir ƏDV hesablanmır, heç bir vergi tutulmur. Ona görə ki, xidməti göstərən "SS" LTD qeyri-rezidentdir və xidmət daşınar əmlakla bağlıdır və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim etmişdir.
Misal 2: Tutaq ki, "AA" MMC digər rezident "VV" MMC ilə onun nəqliyyat vasitələrinın təmir işlərini yerinə yetirmək barədə müqavilə bağlamışdır. "VV" MMC-nin avtonəqliyyat vasitələri xaricdən yük daşınması zamanı Rusiya Federasiyasının ərazisində təmir edilmişdir. Bu halda, "AA" MMC Rusiya Federasiyasının hüquqi şəxsi ilə müqavilə bağlamış və həmin qeyri-rezident "VV" MMC-nin maşınlarının təmir işlərini yerinə yetirmişdir. Bu xidmətin qarşılığı olaraq "AA" MMC-yə 2.000 dollarlıq hesab təqdim etmişdir. "AA" MMC də isə "VV" MMC-yə təmir xərclərinə görə 4.000 manatlıq hesab göndərmişdir.
Bu əməliyyatlarda ƏDV hesablamaları necə olmalıdır?
Qeyd edək ki, bu cür əməliyyatlara təcrübədə çox rast gəlinir. Ümumilikdə "AA" MMC göstərdiyi 4.000 manatlıq təmir xidmətinə görə heç bir ƏDV hesablamayacaq, amma bu, mənfəət vergisi məqsədləri üçün nəzərə alınacaqdır. Ona görə ki, təmir işlərini subpodratçı qeyri-rezidentin göstərdiyinə baxmayaraq, işləri faktiki olaraq "AA" MMC özü "VV" MMC-yə təhvil vermiş sayılır. Burada xidmətlər daşınar əmlakla bağlı olduğundan və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerinə yetirildiyindən ƏDV-yə cəlb olunan dövriyyə sayılmır.
Onda ikinci sual meydana çıxır: Rusiya Federasiyanın qeyri-rezidentinin təqdim etdiyi 2.000 dollar ƏDV-yə cəlb edilirmi?
Bu misalda faktiki təmir işləri "VV" MMC-nin avtonəqliyyat vasitələrinə göstərilsə də, xidmət "AA" MMC-nin sifarişi ilə yerinə yetirildiyindən xidmətlər ona təhvil verilmiş sayılır. Təmir xidmətləri də daşınar əmlakla bağlı olduğundan və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerinə yetirildiyindən 2.000 dollar üçün heç bir ƏDV hesablanmır və bu məbləğdən heç bir vergi tutulmur.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI