Britaniyada nəşr edilən "Financial Times" qəzetində Maliyyə Nazirliyinin hazırladığı sənədə istinad edərək koronavirus pandemiyası səbəbindən hökumətin vergiləri kəskin şəkildə artırmalı olacağı barədə yazı çap olunub. Yazıda göstərilir ki, COVID-19 pandemiyası Birləşmiş Krallığın xəzinəsində boşluq yaradıb. Hökumət 1 milyon müəssisəyə və fəaliyyətini dayandırmağa məcbur olmuş işəgötürənlərin işdən azad etdiyi 7,5 milyon vətəndaşa maliyyə yardımı göstərir. 2020-ci ildə büdcə kəsirinin 337 milyard funt sterlinq olacağı gözlənilir ki, bu da 2008-ci il böhranı zamanı yaranmış büdcə kəsirindən xeyli çoxdur. Maliyyə Nazirliyi bu amilləri nəzərə almaqla gəlir vergisinin dərəcəsinin artırılmasını, dövlət sektorunda çalışanların əməkhaqqının indeksasiya olunmasının iki il müddətinə dayandırılmasını və dövlət məmurlarının pensiyalarının artımının məhdudlaşdırılmasını təklif edib. Böyük Britaniyanın Maliyyə Nazirliyinin hazırladığı sənəddə göstərilib ki, əks halda ölkəni suveren borc böhranı gözləyir.