"Azexport.az" portalına sifarişlər 20 faiz artıb

2020.06.01 14:19 (UTC+04:00)

2020-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 209,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı İxrac İcmalında məlumat verilib. Bildirilib ki, 2020-ci ilin aprel ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 61,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 20,8 faiz çoxdur.

Bu ilin aprel ayında "Azexport.az" portalına ən çox ixrac sifarişi pomidor, toyuq yumurtası, badımcan, kartof, qoyun yunu, soğan, pambıq yağı, kələm, bal, göbələk, tütün, şərab, tikinti materialı, meyvə şirəsi, alma, mühərrik yağı, sarımsaq, konservləşdirilmiş tərəvəz, qənnadı məhsulu, metal konstruksiya, yer kökü, çay, buğda unu, uşaq bezi və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinədək Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin ümumi dəyəri 1 milyard 794 milyon ABŞ dolları təşkil edib.