Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) və “Caspian European Club”un dəstəyi ilə təşkil olunmuş “Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn “B2B Forum”u çərçivəsində Azərbaycan və Türkiyə şirkətlərinin COVID-19 pandemiyası dövründə üzləşdikləri məsələlər və təkliflər, həmçinin postpandemiya mərhələsində iki ölkə arasında iqtisadi və işgüzar əməkdaşlığın fəallaşdırılması imkanı öyrənilib.
“Caspian European Club”dan bildirilib ki, forumun moderatoru “Ziraat Bank Azerbaijan”ın idarə heyətinin sədri, klubun idarə heyətinin üzvü Avni Dəmirçi olub. Üç saat davam edən forum çərçivəsində müzakirələrə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının Avropa birliyinin və xarici əlaqələr üzrə departament müdiri Necati Günaydın, DEİK Türkiyə - Azərbaycan İşgüzar Şurası təşkilatının sədri Selçuk Arkat, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar. “Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə səfirlərə, dövlət qurumlarının və DEİK-in nümayəndələrinə minnətdarlığını bildirib.
“Azərbaycan-Türkiyə münasibətləri hər zaman çox yüksək səviyyədə olub. Dövlət başçılarımızın dostluğu, qarşılıqlı yardıma və əməkdaşlığa hər zaman hazır olmaları iqtisadi göstəricilərdə və türk qardaşlarımızla vahid mövqedən çıxış etdiyimiz bütün platformalarda öz əksini tapır. “Caspian European Club”da Türkiyə biznesinin xeyli nümayəndələri var. Onlardan ikisi klubun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin üzvüdür. 2005-ci ildə biz “Caspian Energy” mükafatını o zaman Türkiyənin Baş Naziri olan Rəcəb Tayyib Ərdoğana təqdim etməyimizdən böyük qürur duymuşduq. Eyni zamanda, ayrı-ayrı illərdə Türkiyənin Prezident, Baş Nazir və nazirlərinin müsahibələri “Caspian European Club”un maliyyə dəstəyi ilə dərc olunan “Caspian Energy” jurnalında çap edilib. Pandemiya dövründə “Caspian European Club” xüsusi fəallıq nümayiş etdirib. Bizim tərəfimizdən onlayn rejimdə xeyli sayda beynəlxalq sahə B2G və B2B forumları, biznes-treninqlər və təqdimatlar təşkil olunub. Biz türkiyəli partnyorlarımızla daha sıx əməkdaşlıq etmək istəyirik. Yaxın vaxtlarda oflayn rejimdə də bu cür görüşlərin keçiriləcəyinə ümid edirik”, - deyə T.Əliyev bildirib.
Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər.
“Caspian European Club” tərəfindən yaradılmış beynəlxalq onlayn “B2B Forum”u beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun əsas məqsədi Azərbaycanda və “Caspian European Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar iqlimin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və bu dialoqlarda fəal iştirak etməkdən ibarətdir. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.