Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.
Nazirliyin və onun tabelyindəki qurumların əməkdaşlarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu 14 monitorinq qrupu mayın 22-də Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahələrində, o cümlədən marketlər, bərbərxana və gözəllik salonları, apteklər və s. obyektlərdə, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.
Monitorinqlər Bakının bütün rayonlarını əhatə etməklə qida məhsullarının ticarəti üzrə 3, ictimai iaşə üzrə 36, qida məhsulları istehsalı üzrə 7, qeyri-qida məhsulları istehsalı üzrə 6, xidmət və digər ticarət sahələri üzrə 191 olmaqla 243 obyektdə keçirilib.
Nəzarət tədbirlərinın keçirildiyi 133 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunmadığı aşkara çıxarılıb. Monitorinq aparılan obyektlərin 16-də təmizlik və dezinfeksiya işlərinə riayət edilməməsi, 62-də əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunmaması, 27-də sosial məsafənin qorunmaması, 12-də işçi heyətin qoruyucu vasitələrlə təmin edilməməsi, 15-də ticarət obyektinin daxilində maska və digər fərdi qoruyucu vasitələrdən istifadə olunmaması və s. hallara rast gəlinib. Suraxanı rayonunda “Maşallah Market”də və “Urfa Lahmacun” iaşə obyektində, Binəqədi rayonunda “Panda Kids”, “Optimal Electronics” mağazalarında, “Garden Haus” restoranında, Sabunçu rayonunda “Moda Kids” mağazasında, “The Late Beauty” gözəllik salonunda və "Mufamed" MMC-yə məxsus aptekdə, Səbail rayonunda “Derimod” mağazasında, Nizami rayonunda Emin Məmmədova məxsus kafedə və "Dokta" MMC-yə məxsus “Dokta Aptek”də, Yasamal rayonunda “OBA” marketdə və s. ticarət və xidmət obyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.
Monitorinqlər davam edir.