Sahibkarlara maddi dəstək məqsədilə may ayı üzrə də vəsaitlər köçürülür

2020.05.22 16:44 (UTC+04:00)

Kərəm Səlimli, "Coffee Go" şirkətinin direktoru: "Ötən ay olduğu kimi, may ayında da dövlət tərfindən bizə işçilərin əməkhaqqını ödəmək üçün maddi yardım olundu. Bununla bağlı ölkə başçısına minnətdarlığımı bildirirəm, çünki dövlət tərəfindən olunan yardım sayəsində işçilərimizi ixtisar etmədik, öz biznesimizi saxladıq və işçiləri iki aylıq maaşla təmin etdik".

Elxan Nəcəfov, "Hədəf kursları"nın direktoru: "Koronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsindən ən çox zərər çəkən sahələrdən biri də təhsil müəssisələridir. Minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, artıq ikinci aydır hökumət tərəfindən ödənilən yardım paketləri şirkətlərin, xüsusilə də təhsil müəssisələrinin ayaqda durmasında önəmli rol oynayır. Düşünürəm ki, bütün təhsil müəssisələri bu yardımdan faydalanaraq karantin müddətinin bitməsindən sonra öz fəaliyyətlərini normal davam etdirə biləcəklər".

Elməddin Rəhimov, sahibkar: "Azərbaycan dövləti pandemiyanın ölkə iqtisadiyyatına təsirlərini minimallaşdırmaq üçün əhəmiyyətli addımlar atır. Muzdlu işçilərimizin əməkhaqqının ödənilməsinə dəstək məqsədilə aprel və may aylarında dövlətin bizə ayırdığı pulla işçilərin maaşını vaxtında ödədik. Bu çətin dövrdə vətəndaşların yanında olduğunu bir daha nümayiş etdirən dövlətimizin başçısına təşəkkür edirik".

Səbuhi TURAN