Cari ildə hər bir ölkə sakini 243,9 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

2020.05.23 10:38 (UTC+04:00)

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart və aprel aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir aprel ayında martla müqayisədə 28,2 faiz, ötən ilin aprel ayı ilə müqayisədə isə 25,8 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəticədə yanvar-aprel aylarında ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalaraq 2 milyard 428,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 809,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,5 faizini təşkil edib.

Cari ilin 4 ayında hər bir ölkə sakini orta hesabla 243,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 25,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.