Dörd ayda ölkədə 14,2 milyard manatlıq məhsul satılıb və xidmət göstərilib

2020.05.22 13:35 (UTC+04:00)

Yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,2 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin müvafiq ayları ilə müqayisədə 3,9 faiz azalaraq 13,7 milyard manata bərabər olub, onun 46,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 357,8 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 manat az əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.