Birinci rübdə nağdsız valyuta bazarında 7,7 milyard dollarlıq əməliyyatlar aparılıb

2020.05.22 11:05 (UTC+04:00)

Yanvar-mart aylarında manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda deyilir.

Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə bağlı valyuta bazarında mart ayında tələb artsa da, sonrakı aylarda stabilləşmə baş verib. Hesabat dövründə də valyuta bazarında əməliyyatların həcminin artması müşahidə edilib. Rüb ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 26,1 faiz artaraq 7,7 milyard ABŞ dollar ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 87,7 faizi ABŞ dollarında, 12,3 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 43,1 faizi Banklararası Valyuta Bazarında (BVB), 56,9 faizi isə Bankdaxili Valyuta Bazarında (BDVB) reallaşdırılıb.

Rüb ərzində BVB-də əməliyyatların 99 faizi ABŞ dollarında, 0,8 faizi avroda, 0,2 faizi isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 4,4 milyard dollar ekvivalentində olub ki, bunun da 79,2 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 91,6 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 60,8 faiz artaraq hesabat dövründə 2,2 milyard ABŞ dollar ekvivalentində olub. Bunun 2 mlilyard dollarını və ya 89,7 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.