Yazlıq əkin bəyan edən fermerlərə subsidiya kartları paylanır

2020.05.20 14:10 (UTC+04:00)

Yazlıq əkinlərini bəyan edərək əkin subsidiyasına müraciət edən fermerlərə “Fermer kartı”nın paylanmasına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, ilkin olaraq, cari ilin aprel ayının sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) Subsidiya İnformasiya Sistemində yazlıq əkinlər barədə elektron bəyanları dolduran və monitorinqdən keçən 14 min fermerin adına “Fermer kart”ları Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişi əsasında “Kapital Bank” ASC tərəfindən çap edilib və bankın regionlardakı filiallarına göndərilib.

Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər EKTİS üzərindən onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 min nəfərdən artıq fermer qeydiyyatdan keçib. Payızlıq əkinlərə görə subsidiya üçün müraciət etmiş fermerlərə “Fermer kartı” paylanıb, subsidiya ödənişləri həyata keçirilib. Növbəti ildə payızlıq əkinlərə görə əkin subsidiyası almaq üçün bəyanlara cari ilin sentyabr ayından etibarən başlanacaq.

Hazırda yazlıq əkinlərlə bağlı monitorinqlər davam edir və nəticələrə uyğun olaraq ödənişlər həyata keçiriləcək. Eyni zamanda, fermerlərin yazlıq əkinlərlə bağlı bəyan prosesi may ayının sonunadək davam edəcək.