Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz xüsusi karantin rejimi müddətində Azərbaycanda hökumətin atdığı addımlara münasibət bildirib: "Xüsusi şəraitin sərtləşdirilməsinin, icazələrin və hökumətin dəstək tədbirlərinin addım-addım həyata keçirilməsi proseslərin ardıcıl olaraq qısa müddətdə rəqəmsallaşdırılmasına da kömək etdi. Məlumatlandırmanı effektiv qurmaq üçün Operativ Qərargah "koronavirus.az" internet resursunu və bir sıra sosial media resurslarını istifadəyə verdi. Xüsusi karantin şəraitində dövlət idarəetməsi, əsasən, mobil və uzaqdan idarəetməyə keçirildi. Videokonfrans formatları işə salındı".
Xüsusi karantin rejimi şəraitində "icaze.e-gov.az" resursunun mühüm rol oynadığını deyən O.Gündüz vahid informasiya resursunun cəmi dörd günə hazırlandığını vurğulayıb. Daxili İşlər Nazirliyi (DİN), Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemlərinə inteqrasiya olunan həmin rəqəmsal həll vətəndaşların və sahibkarların, dövlət məmurlarının ölkədaxili hərəkətinin tənzimlənməsində müstəsna rol oynayıb: "DİN 8103 SMS xidməti və "icaze.e-gov.az" sistemləri və özünün İAMAS resursu vasitəsilə nəzarəti effektiv olaraq həyata keçirə bildi. BMT və digər beynəlxalq qurumlar da Azərbaycanın bu İT həlləri ilə bağlı müsbət fikir bildiriblər".
O.Gündüz İqtidasiyyat Nazirliyinin dövlətin sosial dəstək proqramının icrası ilə bağlı bütün sahibkarlara yardım etmək məqsədilə özünün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən effektiv istifadə etdiyini bildirib. "ASAN imza" ilə həmişəki qaydada bu sistemə daxil olan sahibkarlar öz şəxsi kabinetlərində dövlətin ayırdığı vəsaitin əldə edilməsi ilə bağlı mesajlar alıblar və vəsaitlərin onlayn formada əldə edilməsi ilə bağlı hər hansı narazılıq müşahidə olunmayıb. Vergi hesabatları ilə bağlı operativ məlumatlandırma təmin olunub".
Karantin müddətində magistral provayderlər tərəfindən internetin dayanıqlığının əsasən təmin olunduğunu deyən O.Gündüz ölkəmizdə internetin keyfiyyəti ilə bağlı ciddi problemlərin mövcudluğunu da qeyd edib.
Fərqanə ALLAHVERDİQIZI