Vergilər Nazirliyinin Tədris Mərkəzi SDU ilə əməkdaşlığı genişləndirir

2019.02.05 19:27 (UTC+04:00)

Fevralın 5-də Sumqayıt Dövlət Universitetində (SDU) Vergilər Nazirliyi Tədris Mərkəzinin nümayəndələri ilə keçirilmiş görüşdə bu iki təhsil ocağı arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparılıb. Universitetin rektoru, professor Elxan Hüseynov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti, tədris prosesi və əldə olunan nailiyyətlər barədə qonaqlara geniş məlumat verib. Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov isə təmsil etdiyi qurumda həyata keçirilən yenilikləri diqqətə çatdırıb.

Görüşdə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə SDU arasında birgə təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə təhsil alanların istehsalat və elmi-tədqiqat təcrübələrinin təşkili,vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları işinin təşkili üzrə ödənişsiz əsasda təlim və kursların keçilməsi və digər məsələlərdə əməkdaşlıq münasibətləri barədə təkliflər müzakirə olunub.