Prezident İlham Əliyev fevralın 5-də Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib. Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edən qonaq bildirib ki, ötən il Bakıda keçirilmiş Formula 1 ən yaxşı yarış hesab olunub.
Dövlətimizin başçısı ötən il paytaxtımızda keçirilmiş Formula 1 yarışına yüksək qiymətin verilməsindən məmnunluğunu ifadə edib. Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyən Prezident İlham Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd edib və bildirib ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir. Dövlətimizin başçısı qeyd edib ki, bütün bunlar, öz növbəsində, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır, eyni zamanda, dünyada daha çox insan Azərbaycan haqqında məlumat alır. Beləliklə, ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi həm Azərbaycanın dünyada təqdimatı, eyni zamanda iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır.
Çeyz Keri dövlətimizin başçısının fikirləri ilə tam şərik olduğunu vurğulayaraq qeyd edib ki, bu yarışı izləmək üçün Bakıya gələn insanlar paytaxtımızda gördüklərini yüksək qiymətləndirir və ölkəmizi çox sevdiklərini bildirirlər. Formula 1 yarışının Azərbaycanda keçirilməsi ölkəyə potensial turistlərin cəlb olunması ilə yanaşı, eyni zamanda Bakının dünyada daha çox tanınması işinə də öz töhfəsini verir.
Görüşdə Bakıda təşkil edilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı 3-cü beynəlxalq konfransın əhəmiyyətinə toxunulub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.