Dövlət tərəfindən sosial təminat sistemi ilə əhatə olunan həssas əhali qruplarından biri də ailə başçısını itirmiş ailələrdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirməyə görə hazırda 116 min ailəyə aylıq pensiya, 27 min ailəyə isə aylıq müavinət ödənilir.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, ötən il həyata keçirilən sosial islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, ailə başçısını itirməyə görə aylıq müavinətin məbləği də artırılıb, bu məbləğ hər ailə üzvü üçün 80 manata çatdırılıb.
Həmçinin, ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliyə əsasən 2020-ci ilin əvvəlindən həmin ailələrə onlar üçün nəzərdə tutulan sosial təminat növlərindən (ailə başçısını itirməyə görə pensiya və ya müavinət) hansı yüksək məbləğdədirsə, onu seçmək hüququ verilib.