ADIF-dən bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Ata Bank” ASC və “Amrah Bank” ASC-də sığorta hadisəsi günü aprelin 28-i müəyyən olunub. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Ata Bank” ASC və “Amrah Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçilib.
“Ata Bank” ASC və “Amrah Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək. Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.
“Kapital Bank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:
- 1 iyun 2020-ci il tarixindən başlayaraq “Ata Bank” ASC və “Amrah Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Kapital Bank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;
- 1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Kapital Bank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.
Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan çıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.
Qorunan əmanətçilər ərizə formalarını iyunun 1-dən etibarən “Kapital Bank” ASC-nin müvafiq filiallarından və ADIF-in “www.adif.az” saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Kapital Bank” ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.
Qorunan əmanətçilər hesabdan çıxarışları mayın 20-dən ləğv prosesində olan “Ata Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından, ləğv prosesində olan “Amrah Bank” ASC-nin Bakıda yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından əldə edə bilərlər.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.