Türkiyə lirəsinin dəyər itirməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

2020.05.18 12:52 (UTC+04:00)

Lirə son 1 ayda dollar qarşısında 8 faizə yaxın ucuzlaşıb. Maliyyə bazarları üzrə mütəxəssis Ali Ağaoğlu buna başlıca səbəb kimi ixracın zəifləməsini, ölkənin tədiyyə balansında mənfi saldonun yarandığını göstərir: "Koronavirusa görə tətbiq edilən məhdudiyyətlər Türkiyə iqtisadiyyatının yavaşlamasına səbəb olub. Hazırda idxalda problem olmasa da, ixracda ciddi sıxıntılar mövcuddur. Türkiyənin önəmli ixrac bazarlarından olan Avropa İttifaqının bağlı olması, ixrac edilən malların oraya sürətli və yetərincə göndərilməməsi, eyni zamanda ödənişlərlə bağlı gecikmələrin ortaya çıxması tədiyyə balansında qısamüddətli problem yaradır. Üstəgəl bu aylarda xarici borc ödənişlərinin də gündəmə gəlməsi valyutaya olan tələbi artırır. 2018-ci ildə 1 dolların 7,22 lirə olduğunu görmüşdük, məzənnə bu günlərdə yenə 7,26-ya qədər qalxdı, amma qısa müddət sonra türk lirəsinə az da olsa etimad artdı və hazırda 1 dollar 7 lirə civarındadır. Yaxın müddətdə burada kəskin dinamikanın olacağını gözləmirik.

Türkiyə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından olduğu üçün lirənin ucuzlaşması Azərbaycan üçün də maraq doğurur. Belə hesab edirik ki, mövcud tendensiyanın Azərbaycan iqtisadiyyatına müsbət təsirləri olacaq. Çünki manatın məzənnəsinin stabil qaldığı bir dövrdə lirənin dəyər itirməsi Türkiyədən idxal edilən məhsulların ucuzlaşmasına imkan yaradacaq və bu vəziyyət Azərbaycanın tədiyyə balansına müsbət təsir göstərəcək. Əslində, bunun Türkiyə üçün də faydalı tərəfləri var: türk mallarının ucuzlaşması Azərbaycanda tələbi artıracaq, nəticədə Türkiyə daha çox məhsul sata biləcək. Bununla da məzənnənin ucuzlaşmasından meydana çıxan zərər kompensasiya edilmiş olacaq. Qarşıdakı aylarda isə karantin rejiminin ləğvi və turizmin canlanması ilə lirənin xarici valyutalar qarşısında mövqeyini nisbətən möhkəmlədəcəyi gözlənilir".

Səbuhi TURAN