İngiltərədə dövlət sektorunda çalışanların maaşları iki il dəyişməyə bilər

2020.05.16 12:19 (UTC+04:00)

İngiltərədə nəşr olunan "Daily Telegraph" qəzetinin dövlət xəzinədarlığının məlumatları əsasında hazırladığı şərhə əsasən, koronavirus pandemiyası bu il ölkə iqtisadiyyatına 300 milyard funt-sterlinqə (623 milyard manat) başa gələcək. Buna görə də gəlir vergisinin artırılması və dövlət sektorunda işləyənlərin maaşlarının iki il eyni səviyyədə saxlanılması gündəlikdədir.

"İqtisadi idarəetmənin etibarını və sərmayəçilərin inamını artırmaq" üçün nəzərdə tutulan tədbirlərdən biri də vergi xərcləmələrinin artırılması, eyni zamanda dövlət xərclərinin azaldılmasıdır. Qəzetin yazdığına görə bu maliyyə ilində İngiltərənin büdcə kəsiri nikbin ssenari üzrə 337 milyard funt-sterliq (700 milyard manat) olacaq. Bədbin ssenaridə isə bu rəqəmin 516 milyard funt-sterlinq (1 trilyon manat) ola biləcəyi ehtimal edilir.

Şərhdə İngiltərə iqtisadiyyatının İkinci Dünya müharibəsindən sonra bu qədər çətin vəziyyətə düşmədiyi xüsusi vurğulanıb.