Böyük Britaniyanın Xarici Ticarət Nazirliyi yaxın aylarda ABŞ-a təqdim olunacaq "böyük güzəştlər paketi" hazırlayır. Paketdə ABŞ-dan idxal olunacaq kənd təsərrüfatı məhsullarının rüsumunun aşağı salınması planlaşdırılıb. London bununla Vaşinqtonla azad ticarət sazişi barədə danışıqlarda irəliləyişə nail olacağını düşünür.
Mayın 5-də başlayan və hər iki tərəfdən yüzə yaxın nümayəndənin iştirak etdiyi danışıqların ilk mərhələsi iki həftə davam edəcək.
Birləşmiş Krallıqla ABŞ arasında ticarət danışıqları Böyük Britaniyanın fevralın 1-də 47 il üzvlükdən sonra Avropa İttifaqını tərk etməsindən sonra başlayıb. Bu, Londona bütün dünya ölkələri ilə ticarət sazişləri bağlamağın yolunu açacaq.
Qeyd edək ki, 2018-ci ildə Britaniya ABŞ-a 123,5 milyard funt-sterlinq (256 milyard manat) həcmində mal ixrac edib, bu ölkədən idxal həcmini isə 78 milyard funt-sterlinqə (162 milyard manat) çatdırıb.