Dəyişikliklər kiçik və orta biznesin inkişafına şərait yaradır

2019.02.05 11:43 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının və sahəvi assosiasiyaların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı istiqamətində görülən işlər müzakirə olunub.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ötən il kiçik və orta biznesin qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb: yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində dəyişikliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifat meyarları təsdiq olunub, KOB subyektlərinin kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib, dövlət satınalmaları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.

Qeyd olunub ki, 2018-ci ildə kiçik və orta biznesin inkişafı məqsədilə atılan addımlar bu sahədə fəaliyyətin genişləndirilməsində əhəmiyyətli rol oynayır. KOB subyektlərinin inkişafı istiqamətində agentlik tərəfindən görülən işlər üzərində ictimai nəzarətin həyata keçirilməsində, qanunvericiliyin təkmilləşdirilməsində və maarifləndirmə tədbirlərində İctimai Şura fəal iştirak edib.

Xatırladaq ki, KOBİA yanında İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

Elxan SALAHOV