Bu il koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatı 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər itkiyə məruz qala bilər.
Bu proqnoz mənzil-qərargahı Manilada yerləşən Asiya İnkişaf Bankının məruzəsində öz əksini tapıb.
“Yeni koronavirus infeksiyasının səbəb olduğu COVID-19 pandemiyası nəticəsində dünya iqtisadiyyatı 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər itkiyə məruz qala bilər ki, bu da qlobal ümumdaxili məhsulun 6,4-9,7 faizinə bərabərdir”, - deyə sənəddə bildirilir.
Bank ekspertlərinin sözlərinə görə, hesablanan 8,8 trilyon dollarlıq itkilər pandemiya ilə uzun müddətli mübarizə və məhdudiyyətlərin yarımil saxlanılması ssenarisinə əsaslanır. İqtisadi aktivlik üç ay ərzində bərpa olunsa, itkilər 5,8 trilyon dollar təşkil edəcək.
Asiya-Sakit Okean regionunun iqtisadi itkiləri 1,7 trilyon dollardan (üç aylıq ssenari zamanı) 2,5 trilyon dollara (yarımillik dövr) qədər dəyişə bilər.
Asiya İnkişaf Bankı bundan öncə aprelin 3-də dərc etdiyi məruzəsində pandemiya səbəbindən dünya iqtisadiyyatının zərərlərini 2 trilyon dollardan 4,1 trilyon dollara qədər proqnozlaşdırmışdı.