Mayın 5-də və 12-də Bakı Fond Birjasında (BFB) hərracı keçirilmiş Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının qalan hissəsi üzrə mayın 19-da növbəti hərrac baş tutacaq.
BFB-dən bildirilib ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının həcmi 7 milyon 660 min 700 AZN, nominal dəyəri 100 AZN, tədavül müddəti 364 gündür. İstiqrazlar 2021-ci il mayın 4-də ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.
İstiqraz üzrə tədavül müddəti mayın 5-dən hesablanıb. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.