Dövlət maliyyə dəstəyi üçün 131 mindən çox vergi ödəyicisi müraciət edib

2020.05.14 15:50 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, mayın 13-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 27 min 164 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 104 min 93 fərdi (mikro) sahibkar, cəmi 131 min 257 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 min 359 işçini əhatə edən 27 min 164 sahibkar müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,25 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,12 milyon manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 min 308 vergiödəyicisinə 195 min 307 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 44,18 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 104 min 93 vergiödəyicisindən müraciət daxil olub, 96 min 196 vergiödəyicisinin müraciəti müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,78 milyon manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 54,39 milyon manat vəsaitin 91 min 355 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7