Sənayenin qeyri-neft-qaz sektorunda istehsal 16,8 faiz artıb

2020.05.14 13:00 (UTC+04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-aprel aylarında 13 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artıb. Sənaye məhsulunun 30,5 faizi emal sektorunda istehsal olunub.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 60,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 35,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20 faiz, kağız və karton istehsalı 19,3 faiz, tütün məmulatlarının istehsalı 18,9 faiz, içkilərin istehsalı 8,3 faiz, qida məhsullarının istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 5,1 faiz, hazır metal məmulatlarının istehsalı 4,4 faiz, geyim istehsalı 3,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,2 faiz artıb.

Mebel istehsalı 0,9 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3 faiz, tikinti materiallarının istehsalı 4,5 faiz, maşın və avadanlıqların istehsalı 23,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,1 faiz azalıb.