Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 17,1 faiz artıb

2020.05.14 13:05 (UTC+04:00)

Azərbaycanda əmtəəlik təbii qaz istehsalı 17,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-aprel aylarında 13 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,2 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 17,1 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz çoxalıb.