Səudiyyə Ərəbistanında ƏDV-nin dərəcəsi üç dəfə artırılacaq

2020.05.14 11:01 (UTC+04:00)

Koronavirus epidemiyasının iqtisadiyyata təsirlərinin azaldılması məqsədilə Səudiyyə Ərəbistanında qəbul edilmiş qənaət siyasətinə uyğun olaraq əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi üç dəfə artırılacaq. Bundan əlavə, dövlət idarələrində çalışanlara verilən yardımlar da dayandırılacaq.

Səudiyyə Ərəbistanında ƏDV-nin tətbiqinə üç il bundan əvvəl başlanıb. Bu qərar ölkənin neft gəlirlərindən asılılığını azaltmaq, iqtisadiyyatı şaxələndirmək tədbirlərindən biri kimi qəbul edilmişdi.

Rəsmi dövlət informasiya mənbələrinin yaydığı məlumata əsasən, iyulun 1-dən ƏDV-nin dərəcəsi hazırkı 5 faizdən 15 faizə qaldırılacaq. Yaşayış üçün ödənişlər isə iyunun 1-dən dayandırlacaq. Maliyyə naziri Mühəmməd əl-Cardaan açıqlama verərək deyib: "Bu addımın atılması ağır olsa da, orta və uzunmüddətli maliyyə sabitliyini qorumaq üçün zəruridir".

Ölkədə bu ilin üç ayında neft gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz azalaraq 34 milyard dollara düşüb, dövlət xərcləri isə gəlirləri üstələyib və büdcədə 9 milyard dollar kəsir yaranıb.