ABŞ vətəndaşlığından çıxanların sayı kəskin şəkildə artır

2020.05.14 18:23 (UTC+04:00)

ABŞ-ın vergi administrasiyasının (IRC) hər rüb yayımladığı Federal hesabata əsasən, 2020-ci ilin ilk üç ayında xaricdə yaşayan 2909 amerikalı öz istəyi ilə ABŞ vətəndaşlığından imtina edib. Keçən ilin ilk rübündə bu rəqəm 261 olduğu halda, bu ilin müvafiq dövründə 1015 faiz artaraq rekord həddə çatıb. Keçən il vətəndaşlıqdan imtina edənlərin ümumi sayı isə 2072 olmuşdu.

Nyu-Yorkda yerləşən "Bambridge" mühasibat şirkətinin ekspertlərinin qənaətinə görə, ikili vətəndaşlığı olan və xaricdə yaşayan amerikalılar koronavirus pandemiyası ilə əlaqədar vergi yükünün artdığına görə ABŞ vətəndaşlığından çıxmaq istəyirlər.

ABŞ qanunvericiliyinə əsasən, ölkə vətəndaşları hər il gəlirlərini əhatə edən xarici bank hesabları, sərmayələri və pensiyaları haqqında bəyannamə verərək vergi ödəməlidirlər. Bu yükdən azad olmaq üçün onlar vətəndaşlıqdan çıxmağa üstünlük verirlər.

Rəsmi qeydlərə görə hazırda xaricdə 9 milyona yaxın ABŞ vətəndaşı yaşayır. Onlar vətəndaşlıqdan çıxmaq üçün yaşadıqları ölkədəki ABŞ səfirliyinə gəlməli və 2350 dollar rüsum ödəməlidirlər.