KOB-lar üçün onlayn satış imkanlarının genişləndirilməsinə dair tədbir keçirilib

2020.05.13 18:18 (UTC+04:00)

Pandemiya dövründə elektron ticarətə (E-commerce) artan tələb, KOB-ların onlayn satış sahəsində proqram təminatı barədə məlumatlandırmaya olan ehtiyacı nəzərə alınaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən onlayn tədbir keçirilib.

KOBİA-dan bildirilib ki, onlayn tədbirdə KOB-ların bilik və innovasiyalara çıxışının təmin edilməsinin agentliyin fəaliyyət istiqamətlərindən olduğu, pandemiya dövründə qurumun xidmət sektorunda onlayn satış platformalarının yaradılması üçün bir sıra KOB-lara dəstək göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, postpandemiya dövründə də rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahənin dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunması nəzərdə tutulur. "Zoom" proqramı ilə təşkil olunan və KOBİA-nın “Facebook” səhifəsi vasitəsilə birbaşa yayımlanan onlayn tədbirdə “Logix” şirkətinin rəhbəri Sakit Səmədov elektron ticarətin əhəmiyyəti, daha az xərclə elektron satış platformasının yaradılması və bu sahədə yerli şirkətlər tərəfindən təklif olunan proqram təminatı barədə KOB-ları məlumatlandırıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası səbəbindən bütün dünyada, eləcə də Azərbaycanda müxtəlif sektorlarda rəqəmsal texnologiyalardan, o cümlədən onlayn satışdan istifadə genişlənib. KOBİA pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlarla apardığı müzakirələr və keçirdiyi sorğular göstərir ki, müəyyən xərc tələb etməsi, ölkəmizdə onlayn satışa tələbatın az olması və sair səbəblərlə bağlı mikro və kiçik sahibkarlar rəqəmsal platformaların imkanlarından az istifadə edirlər.