"World Net Summit" onlayn konfransı çərçivəsində "Government Address" tədbiri keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Litvanın Maliyyə naziri Vilius Sapko, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov çıxış ediblər.
O.Məmmədov çıxışında agentliyin başlıca fəaliyyət istiqamətlərindən birinin KOB-ların bilik və texnologiyalara çıxışının təmin edilməsi olduğunu bildirib, bu istiqamətdə KOBİA-nın təşəbbüs və dəstək mexanizmləri, o cümlədən KOB inkişaf mərkəzləri, yaradılmaqda olan e-KOB evi portalı, startap şəhadətnaməsi barədə məlumat verib. O, pandemiyadan zərərçəkmiş KOB-lara göstərilən dövlətin maliyyə-iqtisadi dəstəyi barədə də danışıb.
Tədbir “Facebook" və "Youtube" sosial şəbəkələri üzərindən birbaşa yayımlanıb.
“World Net Summit” onlayn konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, BP-nin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir. “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən çox spikerin çıxışı nəzərdə tutulur.