Sığorta sektorunun daha az zərər çəkməsi üçün…

2020.05.15 10:12 (UTC+04:00)

Qanunvericiliyə əsasən, sığorta şirkətləri (sığortaçı) internet səhifəsinə və elektron informasiya sisteminə malik olmalıdır. İnternet səhifəsində əlaqə məlumatları, filial və nümayəndəliklərin ünvanları, rəhbər şəxslər barədə məlumatlar, hadisə baş verdikdə sorğu göndərmək bölməsi, şikayət vermə proseduru, şikayətlərə baxan məsul şəxsin əlaqə telefonu və e-mail ünvanı, sığortaçının maliyyə hesabatları və sığorta növləri üzrə əsas şərtləri əks etdirən sığorta qaydaları yerləşdirilməlidir. Sığorta sektoru pandemiyadan daha az zərərlə çıxmaq üçün qanunvericiliyə uyğun həll imkanları axtarmalıdır. Sığortaçılarla elektron sənəd formasında da sığorta müqaviləsi bağlana bilər. Bu isə istehlakçının sığorta müqaviləsi üzrə təminat verilən halları və müqavilə şərtlərini görə biləcəyi, həmçinin istənilən vaxt bu müqavilənin elektron surətini çıxara biləcəyi sistemin mövcud olduğu halda mümkündür.

Bundan əlavə, Mərkəzi Bankın 23 aprel 2020-ci il tarixli qərarı ilə sektorun qorunması istiqamətində mühüm məsələlər qeyd edilib. Əsas hadisələrin onlayn tənzimlənməsi, könüllü müqavilələr üzrə sığorta haqlarının ödənilməsinə 30 sentyabr 2020-ci ilədək möhlət verilməsi, təqvim haqlarının ödənilməsi üçün də həmin müddətədək möhlət verilməsi, dividend ödənişlərinin təxirə salınması kimi mühüm işlər sektora mənfi təsirin azalmasına imkan verəcək.

Pandemiya dövründə turizm sahəsinin zərərə uğraması səyahət sığortası üzrə yığımların kəskin azalmasına gətirin çıxarıb. Bu, heç də həmin növün iflası demək deyil. Ölkədaxili turizmə marağın artması bir qayda olaraq daxili turizm üzrə sığorta məhsullarının satışına təkan verə biləcək.

İcbari sığorta növləri üzrə cərimə mexanizmlərinin tətbiqi isə bir qayda olaraq bu növlər üzrə zərərlərin azalmasına gətirəcək. Qeyd edək ki, əsasən yaz aylarında avtomobil sahiblərinin mülki məsuliyyət sığortası üzrə artan qəza hallarının xüsusi karantin dövründə azalması da sığortaçıların zərərlərinin azalması ilə nəticələnəcək. Bununla yanaşı, "evdə həyat var" şüarları səsləndikcə evlərin sığortası üzrə məhsulların da daha cəlbedici olacağını nəzərə alaraq sığortaçıları bu növ üzrə müştəri potensialının artması üçün təbliğat kampaniyasına dəvət etmək yerinə düşərdi.

Qeyd edək ki, 2020-ci ildən bütün ölkə üzrə tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığortanın 2021-ci ilə təxirə salınması da pandemiya dövründə sağlamlığa artan diqqəti nəzərə alaraq könüllü tibbi sığorta məhsuluna marağın artmasına gətirib çıxarır. Karantin rejimində dövlətin həyata keçirdiyi uğurlu islahatlar və vaxtında alınan qərarlar sığorta sektorunun zərərlərinin qarşısının alınmasına yönəlib. Bu baxımdan, sektorun iştirakçılarının öz innovativ imkanlarından istifadə etməklə zərərlərini minimuma endirməsi və gəlirliliyi stabil saxlaması mümkün sayılır.

Fərqanə ALLAHVERDİQIZI